Mən birini “unlike” etsəm, səndə neçə “like” qalar? – Bumeranq Yaradıcılıq Mətbəxi

Mən birini “unlike” etsəm, səndə neçə “like” qalar?

Hazırda cəmiyyət arasında müzakirə olunan ən məhşur iddialardan biri kütlənin “aşağı səviyyəli” olmasıdır. Nümunə kimi, sosial şəbəkələrdə paylaşılan “yüngül” məzmunun daha çox baxış və bəyənmə sayı topladığını göstərirlər.  Nə üçün?! Niyə “yüngül” məzmuna maraq daha çoxdur?

Çünki “ağır” kütlə hər şeyi bəyənmir. Səhifənin məqsədinə baxır, səhifəni idarəedəni tapır, fikirləşir, götür-qoy edir, bir az başa düşür, bir az da yox. Bəzən düşünməyə ümumiyyətlə, həvəsi olmur. Fikirləşir ki, niyə bəyənməliyəm? Niyə reklam etməliyəm? Niyə dəstək olmalıyam? Bəlkə düz yazmayıb?! Bəlkə mənim prinsiplərimə ziddir?! Bəlkə düzgün mesaj vermir?! Niyələr… və bəlkələr…

Hələ bura “feedback” (like/share/comment) ənənəsinin olmamasını da əlavə etsək, ərincəklik və vaxt azlığının da böyük rol oynadığını görərik. Deyəsən, bir şeyi nəzərdən qaçırırıq! Axı “ağır” kütlə həm də ağıllıdır! Buna görə də, onun sənin mükəmməl hazırladığın məzmuna ehtiyacı yoxdur. Çünki səndən qabaq o bilir, o dahidir. O yalnız məzmunda səhv tapsa, paylaşıb, səni yerə soxar. Səhv  yoxdursa, hər şey “mükəmməl”dirsə, onun maraq çərçivələrindən kənara boylanmırsa, nə üçün münasibət bildirsin ki…

Yüngül məzmunun isə belə bir dərdi yoxdur. Hər şey bütün çılpaqlığı ilə ortalıqdadı. Çakkıldat getsin. Ona görə tez və çox bəyənlir. Nəticədə də “pulverən”lərin xoşuna gələn rəqəmlər alınır.

Bu yerdə sizə bir sirr açım: Mükəmməl bir məzmunun içındə kiçik bir səhv, qıcıqlandırıcı ifadə və ya görüntü olanda, “ərinənkimilər” və digər kimilər o saat peyda olurlar. Onu səhv yazmısınız, təhqirdir, cinayətdir, mentalitetimizə ziddir, “də” ayrı yazılır, ay nə bilim, it gəldi örkən apardı kimi nümunələr “mükəmməl” məzmunun aktivliyini artırır. (Reklamçının etirafları)

Deməli, – Mükəmməl məzmuna qarşı kütlənin müşahidəçi kimi qalması, bitərəf mövqeyi, etinasızlığı,  niyələr və bəlkələri əvəzində, yüngül məzmuna qarşı kütlənin aktivləşməyi vəziyyəti gülünc edir. Nəticədə, yaxşı məzmun pis məzmuna məğlub olur. Onu siz məğlub edirsiniz. Etinasızlığın müəyyən məqamlarda cinayətə səbəb olduğunu nəzərə alsaq, sizə cinayətkar da demək olar.

Tərslikdən, “pulverən”in rəqəmlərdən xoşu gəlir, onlar rəqəmləri sevirlər. Mini, milyonu öz balaları kimi sevirlər. Kəmiyyət onların ağlını ovsunlayr. Neçə like var? Neçə baxış var? Dəxli yoxdur, like edən kimdir? – Səkkizinci sinifdə oxuyan Əli, hədiyyə qazanmaq istəyən Ülkərin fake profili, Antraktidada yaşayan pinqvinin profili və sair və ilaxır. Hamı ola bilər, əsas odur, like çox olsun. Like çox olarsa, basılmaz vətən! Bu cür formalaşan statistika ədəbiyyat, film, reklam, televiziya verilişləri, jurnalistikaya və bir çox sahələrə təsizrsiz ötüşmür.

Adətən, film sponsorları, reklam sifarişçiləri, ümumi desək, “pulverən”lər daha düşük, yüngül obrazlarla işləməyə üstünlük verirlər. Çox az şirkət var ki, imici üçün çalışır, onu qorumaq üçün canını qoyur. Əksər şirkətlər hər nə yolla olur olsun,  satışlarını artırmağa çalışırlar. Etik normalar, humanizm prinsiplərini nəzərə almadan geriyə doğru irəliləyirlər.
Əksər şirkət rəhbərləri kütlənin səviyyəsiz olduğunu əsas gətirib, “Bu kreativ reklamdır, bunu bizim millət başa düşməz!”- deyir və əvəzində “üzümazololmuşlar”- ı reklamda görmək istəyir. Reklam mətninə ehtiyac da qalmır. Məhşur gəlsin desin ki, “Mən gö*ümü filan tualet kağızı ilə silirəm, siz də silin”- məsələ həll olundu. “Məhşurlar nə yesə, sən də ondan ye!” konsepsiyası və ya “Əzik millət” konsepsiyası.

Bu cür davranışın davam etməsi məlum statistikanı daha da gücləndirir. Televiziya verilişlərində də vəziyyət eynidir.

Çox üzr istəyirəm, amma bizim kütlənin “Call to Action” düyməsi səhv yerə qoyulub.

Oooha! Bu nə sözdü mən deyirəm?! Ayıb olsun mənə! Məni şaqqalayıb, Qoşa Qala divarlarından asmaq lazımdır.

Ona görə səviyyəli olub, səviyyəsiz işlər görənlər çoxalır. Onlar özləri də hiss etmədən, bu kütlənin zövqünü oxşadıqca, artıq öz zövqləri də o cür formalaşmağa başlayır. Beləliklə, səviyyəsizlik çoxları tərəfindən qorunur və yayılır. Çünki pul lazımdır. Çünki hamının balası var.

Əgər belə davam etsə, bizim cəmiyyətə toplu şəkildə o məhşurların reklam etdiyi tualet kağızından çox lazım olacaq 😉

Foto: Sacha Goldberger

 

İlkin Yusif
Creative director
Bumeranq Yaradıcılıq Mətbəxi

18.11.2017

Showing 2 comments
  • Nuriman Zakiroghlu
    Cavabla

    Əla yazıdır. Elə like sayına aldanmağın nəticəsidir ki, düzgün bir imiclə irəliləmək istəyən şirkətlərin yollarında maneələr çoxalır. Uğur olsun. Davamlı olsun.

  • Nurlan
    Cavabla

    Sanki ürəyimdən xəbər verdiniz, fikirləşdiklərimi söz halına salmısınız, bütünlükdə bir yerə cəmləmisiniz, ara sıra bu kimi çıxışlar edəndə ətrafdakıların sizə (*yəni mənə) q*z qoymamaması ..da arxasını demirəm))
    tək olmadığım üçün sevinirəm, siz də sevinin (səbəb tapmasanız belə p.s nəyə sevinin dediyimi yəqinləşdirməsəniz belə)

Leave a Comment

Bumeranq Yaradıcılıq Mətbəxiİkinci partizan müharibəsi