Kreativlik – Bumeranq Yaradıcılıq Mətbəxi

Kreativlik

Son illərdə bu yazıq kreativ sözü sosial media yamyamlarının və reklam şirkətlərinin dilindən düşmür. Gözəl bir şəkil çəkilib? – Çox kreativdir! Gülməli bir video var? – Çox kreativdir! Gözəl dizaynı olan restoran açılıb? – Çox kreativdir!

Reklam şirkətləri və marketinq menecerlərlə bağlı isə vəziyyət daha acınacaqlıdır. Bütün görüşlərdə ilk tələb düşünəcəyimiz reklamın kreativ olmasıdır. Hansı nümunələri sevdiklərini soruşanda isə illərdir dünyanın hər bucağında çəkilən, pas atmış klişelərlə qarşılaşırıq. Hələ kreativ bir ssenariylə görüşə gələndə, gec də olsa, başa düşürük ki, çoxları hələ kreativliyin nə olduğunu bilmir.
Onda gəlin kreativlik nədir, ilk olaraq onu araşdıraq. Kreativlik bildiyiniz kimi yaradıcılıqdır, yəni fərqli ideyaların gerçəkləşməsidir. Yəni daha öncə görülmüş işin təkrarı yaradıcılıq sayıla bilməz. Çünki hər kəs nəyisə öyrənib oxşada və təkrarlaya bilər. Yəni işin texniki tərəfini bilmək hələ kreativ məhsulu ortaya qoya bilmək demək deyil.

Təəssüf ki, bir çox sahələrdə olduğu kimi, bu sahədə də insanlar keyfiyyətdən çox kəmiyyətə, görünənə önəm verir. Görünən dediyimiz də illər əvvəl qərb təcrübəsində unudulmuş böyük həcmli avadanlıqlar, facebook səhifəsindəki -bəlkə də fake- like sayları, hansısa məşhurun hədəf qrupu belə düşünülmədən kobud şəkildə istifadəsi kimi şeylərdir. Bunların isə kreativliyə yaxından uzaqdan faydası yoxdur.
Yaradıcılıq prosesi düşünmək və düşüncəni istehsal etməkdən, onu reallaşdırmaqdan ibarətdir, yəni ideya istehsalıdır. İdeya isə beyindən gəlir.

Nəticə olaraq, kreativ məhsul əslində beyin məhsuludur. Görüntü üçün olan min bir əziyyətlər sizə burada xal qazandırmır, əksinə itirirsiniz.

Təəssüf ki, Azərbaycanda çoxları gözlə görmədiyi məhsula inanmaqda çətinlik çəkir. Biz günlərlə brainstorm eləyirik, həmin məhsulla bağlı assosiasiya olunan min bir əşyanı gətirib brainstorm otağına düzürük ki, “inspiration” yaradaq, 10 ssenari yazıb, çoxuna acımasız davranıb, içindən bəlkə birini seçib təqdim edirik. Amma bunu nə qədər izah eləsək də, bəziləri üçün heç nə ifadə eləmir. Hələ bunun arxasında bizim komandanın özünə qoyduğu böyük kapital var, dünyanı gəzib hər bucaqdan bir şey öyrənirik, özümüzü inkişaf etdiririk, gündə neçə saat xarici reklamları izləyib analiz edirik, bunlarla heç kim maraqlanmır. Beynimizin xərclədiyi enerji, şüuraltımızı eşələmək üçün tapdığımız üsullar, hədəf qrupu ilə qurduğumuz empatiya, saatların müzakirələri bəziləri üçün maddi mənada heç bir qarşılıq daşımır. Əgər siz möhtəşəm bir ideya tapmısınızsa və bu bəlkə yüz minlərlə baxış qazanacaqsa, amma onun çəkilişi cəmi bir neçə saata bitirsə, təəssüf ki, ideyanız gözləmədiyiniz qədər dəyərsizləşdirilə bilər.

Təbii ki, Azərbaycanda kifayət qədər də beyin məhsuluna, kreativliyə önəm verən insan var. Amma bununla belə ölkədə yaradıcılığın səviyyəsi gözlənilən sürətlə artmır. Bunun da özünəməxsus səbəbləri var.
Elə ilk səbəb yuxarıda qeyd olunan insanların yaradıcı beyinlərə təsiridir. Bunu aydınlaşdırmaq üçün də kreativlik necə yaranır, ona nəzər salaq.

Pikasso deyib ki, bütün uşaqlar yaradıcıdır.
Önəmli olan böyüyərkən yaradıcı qalmaqdır.Yəni biz uşaq olanda hamımız yaradıcı olmuşuq, böyüdükcə isə yaradıcılıq qabiliyyətimiz azalıb. Bəziləri isə, loru dillə desək, böyüməyib yaradıcı qalılar.
Yaradıcılıq birbaşa şüuraltı ilə bağlıdır. Yəni şüuraltında olan məlumatları üzə çıxara bilsəniz, yaradıcı məhsul alınar.

Deməli, bizim şüuraltımızın üzə çıxmasına mane olan nəslərsə var. O ideyaları üzə çıxmağa qoymayan ilk baryer özünütənqiddir. Böyüdükcə içimizdəki tənqidçi yaradıcılığımıza mane olur. İnsan şüuraltında olan yaradıcı impulsların qarşısını ala-ala toplumun yaratdığı robotlara çevrilir.

Bu, təbii ki, tək bizim ölkəyə xas deyil. Dünyanın hər yerində insanlar böyüdükcə müəyyən qəliblərə daxil olur, qaydalara riayət edir, məqsədlər qoyur və onlara doğru hərəkət edir. Amma bunun nisbətləri hər insanda fərqlidi. Onsuz da böyüdükcə ailənin, məktəbin, cəmiyyətin yaradıcılığımıza vurduğu kiçik ziyanlar artıq professional həyatda yaradıcılığı satacağımız insanların yaratdığı şəraitə görə daha da böyüyür. Əslində əvvəldə sizdən kreativ məhsul istəyən marketinq menecer gedişat zamanı sizi o qədər limitləyir ki, şüuraltınız ortaya çıxmaqdan imtina edir. Kreativ məhsulu özü istəyir, hazırlayanda da ya deyir “bizim cəmiyyət buna hazır deyil, camaat bunu başa düşməz”, ya da “mən o filan reklama oxşayan bir şey istəyirdim”. Və beləliklə kreativ beyinlər getdikcə paslanır, standart işlər görən digər reklam şirkətlərinin siyahısına qoşulur. Təbii ki, bu nisbətən zəif yaradıcılığı olanlara aiddir.

Bəs kreativ qalanlar bu işin öhdəsindən necə gəlir deyə soruşsanız, deyə bilərəm ki, kreativ olmaq müəyyən mənada üsyankar olmaqdır. Kreativ insanlar duyğularına qarşı təzyiqə, cəmiyyətin qoyduğu limitlərə qarşı daha üsyankardırlar. Elə burada da kreativ insanla adi insanın fərqi ortaya çıxır. Yuxarıdakı hallarla qarşılaşan adi insan müştərinin, cəmiyyətin istəyinə uyaraq, verilən tapşırığı yerinə yetirir və komfort zonasından çıxmır, kreativ insan isə öz qaydalarını qoyur, qəbul edilməyəndə sadəcə işdən imtina edir.

Bizimki kimi bazarlarda bunu eləmək çətindir, əgər məqsədiniz stabillikdirsə. Amma ümid edirik ki, reklam incəsənətinə verilən dəyər getdikcə düzələcək, kreativ insanlar isə ruhdan düşməyəcək, daha az gəlir əldə etmək bahasına belə öz dəsti-xəttlərini qoruyacaqlar və bir gün Azərbaycan reklam tarixinə keçəcək gözəl işlərə imza atacaqlar.

Aygül Salehova
Art direktor
Bumeranq Yaradıcılıq Mətbəxi

Mənbə: “İlkin Yusif – Kreativlik” təlimi

 

Leave a Comment

Bumeranq Yaradıcılıq Mətbəxi